Həyatımızın fərqli dönəmlərində fərqli rəqiblərlə üzləşirik.
Bugün ən böyük rəqibimiz zamandır.
Panika içində valideynlər sizi tanımadığınız, bəlkə heçvaxt üzləşməyəcəyiniz rəqiblərinizə qalib gəlməyə hazırlayır. 5 yaşından etibarən kurslar, fakultativlər, müəllimlərlə dərsdən sonra özəl dərslər 12 il daha davam edir. Bu qaça-qaçda hərkəs sizə rəqib olur, amma ən böyük və tək rəqibinizin zaman olduğunu sizə doğru şəkildə anlatmayacaqlar, siz isə bir az gec bunun fərqində olacaqsınız.
Siz zamanınızı texniki və humanitar fənlərin mənimsənilməsinə xərcləyərkən, əldə etdiyiniz məlumatları harada və necə istifadə edəcəyinizə dair heçbir dəyərli bilgi əldə etmirsiniz. Bu və bundan sonrakı məqalələrimi Sizin uzun və keşməkeşli yolunuzu bir az da olsa aydınlatmaq, dəyərli zamanınızı sizə qazandırmaq üçün yazacağam.
İlk məqaləmi insan davranışları və onların doğru dəyərələndirilməsinə həsr edirəm. Çünkü texnologiya çağında yaşamağımıza baxmayaraq hələdə ən dəyərli mədən insandır- kreativ istehsalçı və əvəzolunmaz istehlakçı))))
İş həyatına başlayan kimi anlayacaqsınız ki, məsləyinizdən asılı olmayaraq işinizdə başarılı olmaq üçün insanları tanımalısınız. Rəqiblərinizi, partnyorlarınızı, müştərilərinizi, əməkdaşlarınızı və hətta müdürünüzü tanımaq, onların istəklərini və motivasiya qaynaqlarını anlayıb doğru dəyərləndirmək iş həyatınızdakı uğur nərdivanında daha əmin irəliləməyinizə yardım edəcək. Biz informasiya çağında yaşayırıq və doğru məlumatlarla silahlanmış insan ən böyük savaşlardan qalib çıxa bilər.
Bildiyiniz kimi insan emosional varlıqdır və onu idarə etmək üçün ehtiyaclarını doğru dəyərləndirmək vacibdir. Dəyərləndirmə zamanını sürətləndirmək üçün Maslowun “Ehtiyaclar Piramidası”nı mənimsəməyinizi məsləhət görərdim.

Maslowun Ehtiyaclar Piramidası, insan motivasiyasını başa düşmək üçün hazırlanmış bir nəzəriyyədir. Bu konsepsiyanı ilk dəfə amerikalı psixoloq Abraham Maslow 1943-cü ildə təqdim edib. Piramida formasında təsvir olunan bu nəzəriyyə, insanların ehtiyaclarını prioritetlərə görə dərəcələndirir.
Maslow nəzəriyyəsinin təməl fikri insan ehtiyaclarının dəyişkənliyidir. Qısacası, insanın bir ehtiyacı qarşılanınca digər ehtiyacı ortaya çıxır. Bunlar qarşılandıqca isə başqa bir ehtiyac yaranır və bu sonsuzadək davam edir. Bir ehtiyac qarşılanınca ondan bir pillə üstün fərqlli bir ehtiyac yaranır və bu şəkildə ehtiyaclar piramidası şəkillənir.
Maslowun modelinə görə, insanlar aşağıdakı beş əsas ehtiyaclar səviyyəsinə malikdirlər:
- Fizioloji Ehtiyaclar
Bu, insanın yaşaması üçün əsas olan ehtiyacları əhatə edir: yemək, su, hava, yuxu və s. Bunlar ödənmədikdə, insanın diqqəti yalnız bu ehtiyacların təmininə yönəlir.
- Təhlükəsizlik Ehtiyacları
Fizioloji ehtiyaclar təmin edildikdən sonra, insanlar özlərini təhlükəsiz hiss etməyə çalışırlar. Bu ehtiyaclara fiziki təhlükəsizlik, maliyyə sabitliyi, sağlamlıq və gələcəkdəki təminat daxildir.
- Sosial Ehtiyaclar
İnsanlar cəmiyyətdə sosial münasibətlər qurmaq istəyirlər. Sevgi, dostluq, ailə, aidiyyət hissi kimi ehtiyaclar bu kateqoriyaya aiddir. Bu mərhələ, insanın başqaları ilə münasibət qurmasına və emosional əlaqələr yaratmasına aiddir.
- Hörmət və Tanınma Ehtiyacları
İnsanlar başqalarının hörmətini qazanmağa və özlərini dəyərli hiss etməyə ehtiyac duyurlar. Özünə inam, nailiyyətlər və sosial status bu mərhələdə önəmli rol oynayır.
- Özünü Reallaşdırma
Piramidanın zirvəsində insanın tam potensialını həyata keçirmək istəyi dayanır. Bu, yaradıcılıq, şəxsi inkişaf, öz məqsədlərinə çatmaq və mənalı həyat yaşamaq ehtiyacıdır.
Maslow Nəzəriyyəsinin İş Yerində Tətbiqi
Maslowun ehtiyaclar piramidası təhsil, biznes, psixologiya və fərdi inkişaf sahələrində geniş istifadə olunur. Nəzəriyyəyə əsasən insanın daha kiçik ehtiyacı qarşılanmazsa, daha yüksək ehtiyacı göz ardı ediləcək. İş yerlərində işçiləri motivə etmək üçün bu nəzəriyyədən istifadə edilə bilər.
Maslowa görə hər bir insan fizioloji, təhlükəsizlik, sosial, hörmət və özünü reallaşdıra bilmə ehtiyaclarından ibarət bir ehtiyac ierarxiyasına sahibdir. Bu fikri mənimsəyən idarəçilər işçilərinin daha məhsuldar olmalarını təmin etmək üçün onların ehtiyaclarına əsaslanaraq motivasiya planı hazırlayırlar.
İşçilərin özlərini inkişaf etdirmələri və tam potensiallarına çatmaları üçün onların əsas ehtiyaclarına üstünlük verilməlidir. Buradan özünü reallaşdırma mərhələsinə qədər hər bir konkret addımda ehtiyaclar ödənilməlidir.
Qısacası, bütün insanlar pul qazanmaq üçün işləyir amma pul hərkəsi motivə etmir. İnsanların tutduğu mövqe, dünyagörüşü və ya psixoloji vəziyyəti mükafat növünü müəyyənləşdirməyə kömək edə bilər. Məsələn, 3 il eyni şöbədə işləyən sıravi əməkdaş növbəti dəfə “ilin əməkdaşı” statusuna yüksəlir. Bu dəfə o pul mükafatı yerinə vəzifə yüksəlişini gözləyir. Əgər rəhbər bu ehtiyacı görməzdən gələrsə qısa zamanda dəyərli əməkdaşını itirə bilər. Yeni əməkdaşın iş yerinə adaptə olması və tam potensialını ortaya çıxara bilməsi üçün 2-4 aya qədər zaman ala bilər bu isə şirkətin 2-4 ay ərzində potensial müştəri və maddi itkisinə səbəb olacaqdır.
Maslowun nəzəriyyəsi hər zaman xətti şəkildə tətbiq olunmaya bilər, çünki insanlar fərqli şəraitlərdə fərqli ehtiyaclarını prioritetləşdirə bilərlər. Bununla belə, bu piramida insan motivasiyasını başa düşmək üçün əsaslı bir çərçivə təqdim edir.
Ümid edirəm məqalələrim doğru zamanda sizi tapacaq. Fikirlərinizi çəkinmədən paylaşın. Müzakirələrimiz qızıldan dəyərlidir- Sizin kimi…